Vəfat edənlər üçün namaz və dualar (#4872)

*Vəfat edənlər üçün qılınan namaz yeganə Bəhai namazıdır ki, cəm halında oxunur, digər iştirakçılar isə sükutda dayanirlar. Həzrət Bəhaullah buruymuşdur ki, bu namaz vəfat edən on beş yaşdan yuxarı olduqda qılınır və dəfndən qabaq oxunmalıdır. Namaz oxuyan zaman üzü qibləyə durmaq məcburi deyildir. Bir dəfə Allahu-Əbha deyilir; sonra altı ayədən birincisi on doqquz dəfə oxunur. Sonra on doqquz dəfə oxunan ikinci ayədən əvvəl yenə “Allahu-Əbha” deyilir və belə davam etdirilir. Əgər rəhmətə gedən qadın olarsa, bu zaman duadakı “bəndən və bəndənin oğlu” ifadəsi əvəzinə “kənizin və kənizinin qızı” deyilir.

Ey mənim Allahım! Bu Sənin bəndən və bəndənin oğludur ** ki, Sənə və Sənin nişanələrinə iman gətirmişdi və Səndən başqa hər şeydən tam əlini ürək üzünü Sənə çevirmişdi. Sən, həqiqətən, rəhmlilərin Rəhimlisisən.

Sən Ey insanların günahlarıni Bağışlayan və eyiblərini Örtən, Öz mərhəmət dənizinə və səxavət səmana layiq tərzdə ona yanaş və izn ver ki, Sənin sonsuz mərhəmətin hüdudlarına daxil olsun, o yer ki, əvvəllər yerin və göyün təməli idi. Səndən başqa Allah yoxdur. Sən əzəldən Bağışlayan, Ən Səxavətlisən.

(Qoy namazı qılan şəxs hər bir ayəni oxumazdan əvvəl bir dəfə “Allahu-Əbha” söyləsin və sonra ayəni on doqquz dəfə oxusun.)

Biz hamımız, həqiqətən, Allaha ibadət edənlərik.

Biz hamımız, həqiqətən, Allaha səcdə edənlərik.

Biz hamımız, həqiqətən, Allaha itaət edənlərik.

Biz hamımız, həqiqətən, Allahı zikr edənlərik.

Biz hamımız, həqiqətən, Allaha şükr edənlərik.

Biz hamımız, həqiqətən, Allah xatirinə səbr edənlərik.

* Əgər rəhmətə gedən qadın olarsa, bu zaman duadakı “bəndən və bəndənin oğlu” ifadəsi əvəzinə “kənizin və kənizinin qızı” deyilir.

-Bahá'u'lláh
-----------------------

Vəfat edənlər üçün namaz və dualar (#4873)

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Öz əzəli hökmranlığının ğücü ilə ucaltdıgın kəsi həqir etmə və Sənin əbədiyyət çadırina daxil etdiyin kimsəni Özündən uzaqlaşdırma. Qovarsanmı, Ey mənim Allahım, o kəsi ki, onu Öz Rəbliyinlə himayə etmisən, rədd edərsənmi o kəsi ki, Ey mənim Məqsudum, ona Özün sığınacaq olmusan, xar edərsənmi o kəsi ki, Özün şərəfləndirmisən, ya unudarsanmı o kəsi ki, Səni xatırlamağa Özün qadir etmisən?

Ucasan Sən, sonsuz Ucasan! Sən o Kəssən ki, əzəldən bütün məxluqatın Sultanı və İlkin Hərəkətvercisi olmusan və əbədiyyətədək bütün yaranmışların Mövlası və Hökmdarı olaraq qalacaqsan. Ucasan Sən, Ey mənim Allahım! Əgər Sən bəndələrinə rəhm etməsən, onda kim onlara mərhəmət göstərər; əgər Sən Öz sevimlilərinin əlini tutmasan, kim onların əlindən tutar!

Ucasan Sən, sonsuz Ucasan! Sən Öz həqiqətində sitayiş olunansan və Sənə bizim hamımız, həqiqətən, sitayiş edirik; Sən Öz ədalətinlə aşkarsan, Sənə biz hamımız, həqiqətən, şəhadət veririk, Sən, həqiqətən, fəzlinlə Məhbubsan. Səndən başqa Allah yoxdur, Sən Əzəmətli və Qəyyumsan.

-Bahá'u'lláh
-----------------------

Vəfat edənlər üçün namaz və dualar (#4874)

Odur Allah, Ucadır O, İnayət və kəramət Mövlası Odur! Sübhansan, Sən, Ey mənim Allhım, Qüdrətli Rəbb! Sənin qüdrətinə və qüvvətinə, səltənətinə və inayətinə, fəzlinə və iqtidarına, Sənin Varlığının vahidliyinə və Zatının birliyinə, paklığına və məxluqat aləmindən və onda olan hər şeydən müqəddəs və pak olmağına şəhadət verirəm.

Ey mənim Allahım! Sən məni görürsən. Səndən başqa hər şeydən əlimi üzərək Sənə möhkəm yapışmışam və Sənin bəxşiş dənizinə, səxavət səmana və mərhəmət Günəşinə üz tutmuşam.

İlahi! Şəhadət verirəm ki, Sən Əmanətini Öz bəndəndə qoymusan və bu həmin Ruhdur ki, onunla aləmə həyat bəxş etmisən. And verirəm Sənin Vəhy Günəşinin təcəllilərinə, Sənin günlərində onun etdiklərini lütfünlə qəbul eylə. Sonra izn ver, qoy o Sənin razılığının şərəfinə bürünsün və Sənin qəbulunla zinətlənsin.

Ey mənim Rəbbim! Mənim özüm və bütün yaranmışlar Sənin Qüdrətinə şəhadət veririk və Səndən rica edirəm ki, Sənə, Sənin səmavi məskəninə, Sənin uca Cənnətinə və Sənə yaxınlıq məqamına yuksələn bu ruhu özündən uzaqlaşdırmayasan, Ey bütün bəşərin Mövlası! Sonra isə lütf eylə, Ey mənim Allahım, qoy bu bəndən Sənin seçilmişlərinlə, Sənin övliyaların və Elçilərinlə qələmin təsvir edə və dilin söyləyə bilmədiyi səmavi məkanda ünsiyyət etsin.

Ey mənim Rəbbim, bu fəqir, həqiqətən, Sənin zənginlik Mələkutuna və bu qərib Sənin yaxınlığındakı vətəninə tələsdi, o kəs ki, Sənin bəxşişinin səmavi çeşməsi üçün susamışdı. İlahi, Sənin fəzlinin nemətlərindən və kəramətinin lütflərindən ona düşən paydan onu məhrum etmə. Sən, həqiqətən, Qüdrətli, Fəzl və Kərəm Sahibisən.

Ey mənim Allahım, Sənin Əmanətin Sənə qayıtdı. Sənin Mülk və Mələkutu bürüyən kərəm və fəzlinə layiqdir ki, Öz təzə qonağın ücün nemətini, bəxşişini və fəzl ağacının meyvələrini nazil eyləyəsən! Sən istədiyini etməyə Qadirsən, Səndən başqa Allah yoxdur. Yalnız Sən Fəzl Sahibi, Kəramətli, Şəfqətli, Əta Edən, Əfv Edən, Əziz və Hər Şeyi Bilənsən.

Şəhadət verirəm ki, Ey mənim Allahım, Sən insanlara qonaqpərvərliyi əmr etmisən, və o kəs ki, Sənin yanına yüksəldi, o həqiqətən, Sənə yetişdi. İndi onunla Öz fəzlinə və kərəminə layiq olan tərzdə rəftar eylə! And olsun Sənin izzətinə, mən yəqin bilirəm ki, Sən Özünü bəndələrinə əmr etdiyindən kənar tutmazsan və Sənin kərəm ipindən yapışanı və zənginlik üfüqünə yüksələni məyus etməzsən.

Səndən başqa Allah yoxdur, Tək, Vahid, Qadir, Hər Şeyi Bilən və Kəramətli Allah.

-Bahá'u'lláh
-----------------------

Vəfat edənlər üçün namaz və dualar (#4875)

Ey mənim Allahım! Sən Ey günahları Bağışlayan, bəxşişlər Əta Edən, qəm-qüssəni Dağıdan!

Həqiqətən, yalvarıram Sənə, cismani libaslarını tərk edib, ruhani aləmə yüksələnlərin günahlarını bağışla.

Ey Mənim Rəbbim! Onları günahlardan pak eylə, kədərlərini dağıt və zülmətini nura çevir. Onları ruhani şadlıq bağına daxil eylə, hamısını ən saf su ilə pak eylə və ən uca zirvədə Sənin şəfəqlərini görməyi onlara nəsib eylə.

-`Abdu'l-Bahá
-----------------------

Vəfat edənlər üçün namaz və dualar (#4876)

Sən Ey Bağışlayan Allah! Baxmayarq ki, bəzi ruhlar öz həyatlarını qəflətdə keçirib, biganə və itaətsiz olublar, amma Sənin əfv dənizinin bir dalğası ilə o günahlara batanların hamısı azad olar. Sən kimi istəsən, onu məhrəm edirsən və kimsə Sənin seçiminə düşməsə, o günahkar sayılar. Əgər Sən Öz ədalətinə yanaşsan, biz hamımız günahkarıq və binəsibliyə layiqik, amma mərhəmətlə yanaşsan, hər günahkar pak olar və hər bir yad yaxın dost olar. Elə isə əfv və bağışlamanı əta et və Öz mərhəmətini hamıya bəxş eylə.

Sən Bağışlayan, Nurlandıran və Qüdrətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Vəfat edənlər üçün namaz və dualar (#4877)

Ey mənim Allahım, Ey günahları Bağışlayan və qəm-qüssəni Dağıdan! Sən ey Əfv Edən və Mərhəmətli! Mən titrəyən əllərimi Sənə doğru açmışam, Sənin İlahi Zatının dərgahında göz yaşlarımla yalvarıram, Öz rəhmin və əfvinlə Sənin haqq dərgahına yüksəlmiş bu kənizini bağışla. Ya Rəbb! Onun üstünə fəzl və kəramət buludlarının kölgəsini sal, onu rəhmət və bağışlama dəryanda qərq eylə və onu müqəddəs məkana, Sənin səmavi Cənnətinə daxil eylə.

Sən həqiqqətən, Qüdrətli, Şəfqətli, Səxavətli və Mərhəmətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Vəfat edənlər üçün namaz və dualar (#4878)

Ya Rəbb! Sən Ey mərhəməti hamını saran, rəhmi böyük, kəraməti yüksək, əfvi və səxavətli hamını burüyən, bağışının işığı bütün dünyanı tutan! Ey Cəlal Sahibi! Hərarət və göz yaşlarımla Sənə yalvarıram, Sənə doğru yüksəlmiş bu kənizinə mərhəmət gözü ilə bax; Ona Uca Cənnətin zinətləri ilə parlayan mərhəmət xalatı geyindir və vahidlik ağacının kölgəsində sığınacaq verməklə onun üzünü mərhəmət nuru ilə işıqlandır.

Sənin səmavi kənizini, İlahi, Öz əfvinin ruhundan doğan müqəddəs rayihələrə qovuşdur, onu mübarək məskəndə sakin eylə, dərdlərinə Sənin vüsal məlhəminlə əlac eylə və Sənin iradənlə ona Sənin müqəddəs Cənnətinə daxil olmağa izin ver. Öz inəyətinin mələklərini daim onun üstünə endir və üzərinə mübarək ağacın kölgəsinə sal. Sənsən, həqiqətən, Həmişə Bağışlayan, Ən Səxavətli və Ən Kəramətli.

-`Abdu'l-Bahá
-----------------------

Vəfat edənlər üçün namaz və dualar (#4879)

Sən Ey mehriban Allah! Bu əziz kənizin Sənə cəzb olunmuşdu, ağıl və fəhmi ilə Sənin görüşünə yetişməyə və Sənin səltənətinə daxil olmağa müştaq idi. Gözləri yaşlı, üzünü sirlər səltənətinə tutmuşdu. Neçə-neçə gecələr sənə dua və münacatla məşğul idi, neçə-neçə gündüzlər Sənin zikrinlə həmdəm və munis olmuşdu. Hec bir səhər Səndən qafil olmamış, hec bir axşam Səni fikrindən çıxarmamışdı. Xoş avazlı bülbül kimi, o Sənin müqəddəs ayələrini oxuyurdu və bir ayna kimi, Sənin işığını əks etdirmək istəyirdi.

Sən Ey günahları Bağışlayan! Bu ayılmış bəndənə yol aç ki, Sənin Mələkutuna daxil olsun və Sənin əlinlə yetişmiş bu quş əbədi gülüstanda pərvaz etməyə qadir olsun. O Sənə yaxınlaşmaq arzusu ilə alışıb yanır; onu Sənin hüzuruna yetişməyə qabil eylə. O Sənin hicranından divanə və pərişan olub, onu Özünün səmavi Sarayına daxil eylə.

İlahi! Biz günahakarıq, Sən isə Bağışlayansan. Biz qüsurlar dəryasında batmışıq, amma Sən Əfv Edən və Mehribansan. Günahlarımızı bağışla, və hədsiz fəzlinlə bizləri bəxtəvər eylə. Sənin Camalını seyr etmək şərəfi ver və bizə sevinc və səadət şərabı içir. Biz xətalarımızın əsiriyik, Sən səxavətli feyz Sultanısan. Biz insafsızlıq dənizində batmışıq, Sən sonsuz mərhəmət Allahısan. Əta Edən, Cəlallı, Əbədi və Kəramətli Sənsən; Və Sən Ən Səxavətli, Ən Mərhəmətli, Qüdrətlisən, O Kəs ki, bəxşişlər Ehsan Edən və günahları Bağışlayandır. Həqiqətən, Sən bizim səhvlərimizi Bağışlayansan. Rəblərin Rəbbisən.

-`Abdu'l-Bahá
-----------------------

